Mərənddə İran prezidentini bozqurd işarəsi ilə qarşılayıblar

Əhmədinejad da soydaşlarımıza barmaqları ilə eyni hərəkəti edib

İran İslam Respublikası prezidentinin Təbrizə səfəri güneyli soydaşlarımızın yeni həbsləri ilə müşayiət olunub. GAMOH-un Bakı bürosu mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlının “Şərq”ə verdiyi məlumata görə, prezident Mahmud Əhmədinejadla görüşə gələn vətənpərvər, Azərbaycan türklərinin haqlarının tanınması tələb olunan şüarlar səsləndirən, plakatlar qaldıran soydaşlarımız ETTELAAT tərəfindən təqib edilərək həbsə alınıb.

Lakin Əhmədinejadın Güney Azərbaycana səfəri onun özü üçün daha xoşagəlməz olub. “Bilirsiniz ki, Mərənd şəhərində Əhmədinejadı soydaşlarımız boz qurd işarəsi ilə qarşılayıblar. Bu işarənin nə demək olduğunu bilməyən İran prezidenti özü də barmaqları ilə həmin işarəni göstərib, görünür, hesab edib ki, bununla bir növ soydaşlarımızın salamını cavablandırmış olur. Prezidentin barmaqları ilə boz qurd işarəsini göstərdiyini əks etdirən fotolar internet saytlarında yayılıb. Lakin sonradan məxfi xidmət orqanları ona nə etdiyini başa salıblar. İndi yəqin onun ürəyindən qanlar axır” deyən A.Qaradağlı prezidentin səfəri zamanı soydaşlarımızdan 70-100 nəfərinin həbs edildiyini bildirdi. A.Qaradağlı bildirdi ki, prezident üçün bu səfər başıbəlalı olsa da, həbslərlə müşayiət edilməsinə baxmarayaq haqlarını tələb etmək və problemlərini çatdırmaq baxımından hərəkatçılar üçün xeyirli oldu. A.Qaradağlı bir müddət əvvəl Təbrizdəki mitinq və nümayişlər zamanı həbs edilən soydaşlarımızla bağlı hələ də dəqiq informasiyalar əldə etməyin çətin olduğunu söylədi. Mətbuat mərkəzinin rəhbəri qeyd etdi ki, həbs olunanların 80 faizi haqqında doğru-dürüst məlumatlara malik deyillər. “Təbriz hadisələri zamanı 12 min soydaşımız yaxalanmışdı. Onlardan çox cüzi hissəsi azadlığa buraxılıb. Həm də bir nəfər azadlığa buraxılırsa, yerinə digəri həbs edilir. Dünən Sirus Hüseynejad azad edilib. 20 gün əvvəl itkin düşmüş qardaşımdan isə xəbər gəlib ki, həbsdədir. Evə telefon açıb, deyib ki, yaxşıdır, amma harda saxlandığını bilmir. Bütün bunları nəzərə alıb təxminən 10 min nəfərin hələ də həbsdə saxlandığı fikrindəyik. Hərəkat fəallarından Abbas Lisaninin məhkəməsi olacağı deyilirdi, amma yenə təxirə salındı. Ümumiyyətlə fars rejimi bilərəkdən belə məlumatlar yayır ki, guya hansısa hərəkat fəalının məhkəməsi olacaq, amma məhkəməni keçirmirlər. Sadəcə, onlar bizim reaksiyamızı izləyirlər. Soydaşlarımıza ağır, heç insani çərçivəyə sığmayan işgəncələr verildiyini həbsdən çıxanlar danışır. Bununla bağlı artıq bir sıra beynəlxalq təşkilatlara müraciət edilib”.
Məlahət

sherg-azerbaycan 2006 07