Bu
gün səhər Baykonur kosmodromundan Qitələrarası
Kosmik Stansiyaya növbəti ekspedisiya göndərilib.
APA-nın məlumatına görə, ekspedisiyanın tərkibinə kosmonavtlar Mixail Tyurin, Maykl Lopes-Aleqria və soydaşımız, ilk kosmik turist-qadın Anuşe Ansari daxildir. Kosmosa səfərin proqramına Qitələrarası Kosmik Stansiyada 400-dən artıq eksperiment aparmaq, o cümlədən stansiyada qolf oynamaq daxildir. Fəzada olduqları müddətdə kosmonavtlar dörd dəfə açıq kosmosa çıxacaqlar. Qeyd edək ki, kosmosa turist kimi göndəriləcək şəxsin adı son dəqiqədə dəqiqləşib. Yapon Daysuke Enomotonun son tibbi testləri mənfi nəticə verdiyindən kosmosu fəth etmək şansı ABŞ vətəndaşı, əslən azərbaycanlı olan milyonçu Anuşe Ənsariyə nəsib olub. Tehranda anadan olmuş soydaşımız islam inqilabından sonra ABŞ-a mühacirət edib. Elektrotexnika sahəsində magistr dərəcəsinə sahib olan Ənsarinin 39 yaşı var. Kosmosa turist kimi səyahətə çıxmaq arzusunu gizlətməyən və bunun üçün milyonlarla dollardan keçməyə hazır olan soydaşımızın fiziki göstəriciləri ekspertləri qane edib. Baş Kostruktorlar Şurası Anuşe Ənsarinin namizədliyin təsdiqləsə də, gəmidə qadın orqanizminə uyğun şəkildə quraşdırma işləri aparılması üçün gəminin konstruksiyasına dəyişikliklər ediblər. Xatırladaq ki, kosmosa turist kimi səyahət etmək arzusu gözündə qalan Daysuke Enomoto Tokio Birjasının başçısıdır. Həmyerlimiz Anuşe Ansari kosmosu fəth etməzdən öncə intensiv treninqlərdən keçib, onun hazırlığı ilə rus mütəxəssislər məşğul olublar. Anuşe Ansari kosmosda çoxlu sayda şəkillər çəkmək və videoçəkilişlər aparmaq niyyətində olduğunu deyib. Qeyd edək ki, soydaşımızın kosmosa səfəri 12 gün davam edəcək, o, Qitələrarası Kosmik Stansiyanın sabiq ekipaj üzvləri Pavel Vinoqradov və Cefri Uilyamsla birgə sentyabrın sonunda Yerə qayıdacaq. /APA/