C. , Mar. 16, 2007
 
 
  GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİ XARİCDƏ HƏLƏ də "FARS" və "İRANLI" KİMİ TANINIR

 
  A.Cavanşir: "Terrorçuluğa qarşı mübarizə Tehran və Yerevandakı hakimiyyətləri də əhatə etməlidir

 
  S.SƏDRƏDDİN

 
  Bu günlərdə Bakıda Azərbaycan-Türkiyə diaspor təşkilatlarının forumu keçirildi. Tədbirdə Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir-Haşimi (Cavanşir) də iştirak edib. O hazırda İsveçin Stokholm şəhərində yaşayır, orada ibtidai məktəbdə 5 ilə yaxındır ki riyaziyyat müəllimi işləyir. Bu güneyli soydaşımızla bir sıra məsələlər barədə söhbət edirik.
- Cavanşir bəy, forum haqda təəssüratınızı bilmək istərdik.
- Belə bir forumun keçirilməsi zəruri idi. Türk dünyasına, o cümlədən Azərbaycana qarşı düşmən qüvvələrin fəal olduğu bir dövrdə Azərbaycan və Türkiyə dərnəklərinin əməkdaşlığının təmin edilməsi istiqamətində addımların atılması xüsusi əhəmiyyət daşıyır. Forumdan gözlədiyimiz uğurlu nəticələr əldə etməklə yanaşı, qarşılıqlı görüşlərin keçirilməsini, birgə əməkdaşlıq konsepsiyasının hazırlanmasını, bir sözlə, antiazərbaycan, antitürkiyə qüvvələrinə qarşı birgə qüvvə nümayiş edilməsini istəyirik. Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının rəsmilərinin də çıxışlarında bu məsələlər vurğulandı. Təbii ki, ən böyük istəyimiz deyilənlərin gerçəkləşməsidir.
- Diaspor təşkilatlarının əvvəlki illərlə müqayisədə fəaliyyətini necə dəyərləndirirsiniz?
- Son bir 2 ildə diaspor təşkilatlarının fəallığının artdığını söyləyə bilərəm. Buna örnək kimi, 2007-ci ilin fevral ayında Xocalı soyqırımına həsr edilmiş çoxsaylı tədbirləri göstərmək olar. Vaşinqton, London, Stokholm, Höteborq, Strasburq, Nyu-York, Köln və dünyanın bir çox yerlərində həm kəmiyyət, həm də keyfiyyət cəhətdən əvvəlki illərlə müqayisədə səviyyəli tədbirlər keçirildi. Lakin bu yetərli deyil. Hələ ki Qərbin ictimai fikrində problemlərimiz haqda yetərincə rəy yaratmamışıq. Bu istiqamətdə fəaliyyəti daha da gücləndirməliyik.
- Türk dünyasının, o cümlədən Azərbaycanın əsas problemlərindən biri Güney Azərbaycan türklərinin milli haqlarına yiyələnməsi məsələsidir. Diaspor bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilirmi?
- Türkiyənin və Azərbaycan Respublikasının İranla dövlətlərarası münasibətləri nəzərə alındığından forumda bu məsələyə heç toxunulmadı. Amma bu sahədə xaricdəki təşkilatlarımız bir sıra addımlar atmaqdadır. Azərbaycan diasporunun nümayəndələri son illərdə beynəlxalq hüquq müdafiəsi təşkilatları, olduqları ölkələrin parlamentləri ilə sürəkli işləyərək Güney Azərbaycan problemini onların diqqətinə çatdırırlar. Bundan başqa, dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri ilə də bacardığımız qədər münasibət qurmağa çalışırıq. Lakin insan hüquqlarını müdafiə edən, yaxud bu istiqamətdə çalışan bir sıra beynəlxalq qurumlar bizə bəlli olmayan səbəblərdən Güney Azərbaycan məsələsinə önəm vermək istəmir. Yaxud problemin həlli ilə bağlı "Azərbaycan xalqı daha fəal olmalıdır" - deyirlər. Əməkdaşlıq etdiyimiz qurumlarla aparılan danışıqlar, yazışmalar barəsində xəbərlər zaman-zaman kütləvi informasiya vasitələrində də yayılır. Buna örnək olaraq Beynəlxalq Əfv Təşkilatı, BMT-nin İnsan Hüquqları Komissarlığı, YUNESKO-nun Beynəlxalq Ana dili Qurumu ilə əməkdaşlığımızı göstərə bilərik.
- Yaxın və Orta Şərqdəki vəziyyəti qısaca olaraq şərh edərdiniz. Eləcə də bölgədə baş verənlər İranın demokratikləşməsinə və Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına nə kimi təsir göstərə bilər?
- Əfqanıstanda "Taliban"ın, İraqda Səddam Hüseynin devrilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə atılan addımlar demokratikləşmə mühitinin yaranmasına yardım edir. Bu addımlar bölgədəki bütün terrorçuluğu və təcavüzü, eləcə də tərəqqiyə, sülhə, sabitliyə, insan haqlarına qarşı olan bütün qüvvələri və hakimiyyətləri, o cümlədən İran və Ermənistanı da əhatə etməlidir.
Təəssüflər olsun ki, sivilizasiyanın inkişafına mane olan Tehran və Yerevandakı rejimlərə bu hələ çatmayıb. Vəziyyətin bu şəkildə qalması demokratik dünyanın gerçəkləşdirmək istədiyi ideyaların dərin böhranla üzləşməsinə təsir göstərə bilər. İraqda demokratikləşmə prosesinin ləng getməsini buna örnək göstərmək olar. Əgər İraqda baş vermiş olaylar İranda da təkrarlanarsa, o zaman hadisələrin sonucunu proqnozlaşdırmaq çətin olacaq. Bunun qarşısını almaq üçün bölgədəki demokratik qüvvələr, habelə həmin ərazidə maraqlı olan güclər yerli millətlərin mənafeyinin təmin edilməsini nəzərə alaraq birgə fəaliyyət göstərməlidir. Güney Azərbaycana gəldikdə isə bu istiqamətdə addım atmaq üçün milli hərəkat fəallarının üzərinə daha böyük məsuliyyət düşür.
- Məsələni bir qədər açıqlayaq. Məsələn, Amerika, yaxud İsrail İrana ehtimal olunan hücumu gerçəkləşdirərsə, bunun ziyanı, yoxsa xeyri çox olar?
- Bu haqda proqnoz vermək çətindir. Amma hər iki tərəf elə təbliğat aparır ki, sanki qarşıdurmaya hazırdırlar. Ancaq bunun ağır nəticəsini bölgədəki dinc əhali çəkəcək. Siyasi, ictimai, milli və iqtisadi baxımdan fayda verəcəkmi? Məncə, tam mənada yox. Hərtərəfli təkamülü, inkişafı, tərəqqini, dirçəlişi daha çox dinc şəraitdə əldə etmək mümkündür. Bu baxımdan savaş xarabalıqlar, köçkünlük, zorakılıq və s. yaradır.
Təcrübə sübut edib ki, zorakı üsulla demokratiya bərqərar olmamaqla yanaşı, o çox zaman bu metodologiyanın qurbanı olur.
- Yaşadığınız ölkədə sizi iranlı, yoxsa azərbaycanlı kimi tanıyırlar?
- Son 15 ilədək Azərbaycan adına qurumlar, dərgi, qəzet və s. rəsmi qeydiyyatdan keçmədiyindən güney azərbaycanlıları iranlı kimi tanımaqla bərabər fikirlərdə fars təki anlanırdı. Amma zaman ötdükcə cəmiyyətlər yarandı, rəsmi qeydiyyatdan keçdi, Azərbaycan adına milli-mədəni tədbirlər təşkil olundu, milli problemlərlə bağlı çeşidli müraciətlər edildi. Bu kimi fəaliyyət nəticəsində əvvəllər iranlı kimi tanınanları indi Azərbaycan türkü kimi tanımağa başlayırlar. Bu özünü ölkədə çıxan KİV-də və yayımlanan televiziyada, radioda da göstərir. Amma təəssüflər olsun ki, bizim Azərbaycan türkü kimi tanınmamız kütləvi hal almayıb. Bunun səbəblərindən biri soydaşlarımızın milli kimliyi ilə bağlı şüurlarındakı naqislikdir. Eləcə də, yaşadıqları ölkədə rəsmi sənədlərdə "iranlı" yazıldığından onları belə də adlandırırlar.
- Bir neçə kəlmə də Güney Azərbaycan Konqresinin yaranma zərurəti barədə məlumat verərdiniz.
- Bu, Güney Azərbaycana aid güclü bir ictimai-siyasi təşkilatın olmaması zərurətindən yarandı. Bunun indiyədək yaranmamasının bir çox səbəbləri var. Ötən illərdə İranda dəyişilmiş hakimiyyətlər, şah və Xomeyni rejimləri azərbaycanlılara öz milli haqlarını tələb edən təşkilat yaratmağa imkan verməyib. Son bir ildə, xüsusilə ötən il mayın 22-dən başlayaraq keçirilmiş etiraz aksiyaları gerçəkdə xalqımızın diktatorluğa qarşı etinasızlığını ortaya çıxardı. Bu gün cürətlə demək olar ki, Güney Azərbaycanda insanlarımız milli haqlarla bağlı açıq-aşkar fikir söyləməyə və onun təmini uğrunda mübarizə aparmağa hazırdırlar. Bu gün onların milli haqlarının tələbi ətrafında təşkilatlanması zəruridir. Bu baxımdan biz də həmin yöndə fəaliyyət göstərməyə çalışırıq. 2006-cı ilin martında təsis yığıncağımız keçirilib. Həmin ilin avqustunda isə təşkilatımızı elan etmişik. Qurumumuzun mərkəzi Avropada yerləşir, 8 ölkədə təmsilçimiz var. "Konqres" adlı mətbu orqanımız çıxır. İnternet saytımız isə guneyazerbaycankonqresi.com-dur.
Fürsətdən istifadə edərək bütün soydaşlarımızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir, millətimizə xoş günlər və firavanlıq arzulayıram.
GÜNEY AZƏRBAYCAN KONQRESİ HAQDA QISA MƏLUMAT
GAK-ın Almaniya, Britaniya, Fransa, İsveç, Norveç, Rusiya, Türkiyə və başqa ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.
Təşkilatın məramnaməsindən bəzi müddəaları diqqətinizə çatdırırıq.
...Güney Azərbaycanda insan haqlarının qorunması uğrunda ardıcıl mübarizə aparmaq;
- milli adət-ənənələrin, mədəniyyətin, təfəkkürün qorunub-saxlanılması, təbliği istiqamətində fəaliyyət göstərmək;
- insan haqlarının aliliyi prinsiplərini, BMT nizamnaməsini əsas götürərək İranın əsarəti altında olan 35 milyondan çox Azərbaycan türkünün mədəni, iqtisadi, ictimai-siyasi hüquqları uğrunda mübarizə aparmaq;
- Güney Azərbaycan türklərinin milli haqlarının pozulduğunu sənədlərlə sübut etmək;
- xalqların və millətlərin öz müqəddəratını təmin etmək hüququna əsaslanaraq Azərbaycan türklərinin ərazi və dövlət quruluşunun təyin edilməsi hüquqlarının onlara verilməsinə nail olmaq;
- Güney Azərbaycanda fars rejimi tərəfindən Azərbaycan türklərinin hüquqlarının kütləvi şəkildə pozulması faktını beynəlxalq təşkilatlara və dünya dövlətlərinə davamlı olaraq çatdırmaq;
- Güney Azərbaycanda tarixi, milli abidələrin hakimiyyət tərəfindən sıradan çıxarılması və farslaşdırılması haqda YUNESKO qarşısında məsələ qaldırmaq;
- Güney Azərbaycanda milli azadlıq uğrunda mübarizə aparan təşkilatları dəstəkləmək və onları beynəlxalq aləmdə tanıtmaq;
- ...Qarabağ və ətraf rayonların işğaldan azad olunmasını tələb etmək, bu yolda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması uğrunda mübarizə aparmaq.

Ayna

www.turkiran.com