| |
|
Dünyanın
ən qədim insan məskənlərindən biri olan
Azərbaycanın əhalisi hələ qədim daş dövründən
(paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır.
Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində
(neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş,
əkinçilik, maldarlıq, müxtəlif sənət
sahələri ilə məşğul olmağa başlamışdır.
Azərbaycan ərazisindəki mədəni-iqtisadi
tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə
idi. E.ə. IV minilliyin sonu - III minillikdə təşəkkül
etmiş Kür-Araz mədəniyyəti Cənubi Qafqazın
digər regionlarına, Şərqi Anadoluya və Şimali
Qafqaza da yayılmışdı.
Arxeoloji qazıntılar zamanı tapılmış
zəngin maddi mədəniyyət nümunələri, xüsusilə
taxıl qalıqları, əkinçiliklə bağlı
əmək alətləri və məişət avadanlığı,
müxtəlif növ sənətkarlıq məhsulları
Azərbaycan xalqının dünyanın ən qədim
oturaq mədəniyyət yaratmış xalqlarından biri
olduğunu göstərir.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim
dövlətçilik ənənələrinə malik olan xalqlarındandır.
Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik
tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət
qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan
əvvəl IV minilliyin sonu - III minilliyin
əvvəllərindən başlayaraq Urmiya hövzəsində
yaranmışdı. Burada meydana gəlmiş ən
qədim Azərbaycan dövlətləri bütün regionun
hərbi-siyasi tarixində mühüm rol oynayırdılar.
Həmin dövrdə Azərbaycanda Dəclə və
Fərat vadilərində yerləşən və dünya
tarixində dərin iz qoymuş qədim Şumer, Akkard
və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik
Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı
əlaqələr vardı.
Fəal xarici siyasət yeridən ən qədim
Azərbaycan dövlətləri öz torpaqlarını xarici
təcavüzlərdən uğurla qoruyurdular. Qədim
Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin
qüdrətli qonşuları olan Akkard dövlətini məğlub
etmiş, öz dövlətlərinin sərhədlərini
İran körfəzinə qədər genişləndirmiş,
bu ərazidə yüz ilə qədər bir müddət
ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən
asılı hala saldıqları Akkard və Şumerin dövlət
idarəçiliyi qaydalarından faydanlandıqları kimi
qədim Azərbaycanın mütərəqqi idarəçilik
mədəniyyətini də həmin ölkələrə
yaymışdılar.
Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə
və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə
qədərki ərazilərdə ağalıq edən
qədim Azərbaycan dövlət qurumları Lullubi və
Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə
qədim Şərq dövlətçiliyinin tarixində də
dərin iz qoymuşlar.
Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən
fərqli olaraq qutilərdə hökmdarların seçilməsi
qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları
məmləkəti öz canişinləri vasitəsilə
idarə edirdilər. Canişinlər idarəçilik
sahəsində geniş müstəqilliyə malik idilər.
Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin
Dəclə və Fərat vadiləri də daxil olmaqla
İran körfəzinə qədərki geniş
ərazilərdə uzun müddət hökmranlıq
etmələrində az rol oynamamışdı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik
mədəniyyəti daha da yüksəlmiş, ölkə
ərazilərində daha təkmil və daha geniş
əraziləri əhatə edən yeni dövlətlər
yaranmışdır.
Eramızdan əvvəl I minillikdə - bizim eranın I
minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında
Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena
və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur.
Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi
mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin
iqtisadi-mədəni tarixində, eləcə də vahid
xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı
olan və eramızdan əvvəl I minilliyin
əvvəllərində meydana gələn Manna dövləti
Azərbaycanın dövlətçilik taixində mühüm
mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik
məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət
təkcə qədimliyinə görə deyil, təkamül
dərəcəsinə görə də dünyanın dövlətçilik
mədəniyyəti tarixində mühüm yer tutur.
Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri
də öz hakimiyyəti altında birləşdirən Manna
şimalda - Araz çayına (bəzən də ondan şimala
doğru) və şimal-şərqdə - Xəzər
dənizinə qədər olan Azərbaycan torpaqlarını
əhatə edirdi.
Manna bütün regionda baş verən hərbi-siyasi
hadisələrdə yaxından iştirak edir,
Azərbaycan torpaqlarını ələ keçirməyə
çalışan qüvvətli qonşularına - Aşşur
və Urartu dövlətlərinə qarşı uğurla mübarizə
aparırdı. Aşşur və Urartu təcavüzünə
qarşı mübarizədə o zaman Azərbaycanda
məskunlaşmış iskitlər (skiflər) və
kimmerlər də fəal iştirak edirdilər.
Manna hökmdarları irsi və qeyri-məhdud
hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni
ağsaqqallar şurasının köməyi ilə idarə
edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi
sahəsində qədim məşvərət
mədəniyyətinə malik olduğunu sübut edir.
Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın
bir müddət ərzində davam etmiş və qüdrətli
qonşuların aramsız hücumlarına duruş
gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan
başlayaraq güclü dövlətçilik
ənənələrinin mövcud olduğunu sübut edən çox
qiymətli tarixi faktdır.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin
əvvəllərindən başlayaraq Azərbaycanın
hərbi-siyasi tarixində kimmerlər və iskitlər,
həmçinin iskitlərlə eyni toplumdan olan saklar və
massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın
qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə
Baş Qafqazın cənub aşırımlarından
və Dərbənd keçidindən cənuba axın edən
bu tayfalar Böyük Qafqazın cənub
ətəklərində - Şimali Azərbaycan torpaqlarında
möhkəmləndikdən sonra buradan cənuba doğru -
Manna ərazisinə və Anadolunun şərqinə
də yayılmışdılar.
Kimmer-İskit-Sak
toplumunun tərkibində digər köklərdən olan
tayfalarla yanaşı güclü türk toplumları da vardı.
"Tarixin atası" Herodotun (e.ə.V əsr) öz şəxsi
müşahidələrinə əsaslanan məlumatları
da bunu sübut edir. Herodotun yazdığına görə,
iskitlər at südü ilə qidalanırdılar;
iskitlərlə qohum olan massagetlər də onlar kimi
geyinir və onlarınkına bənzər həyat sürürdülər.
Onlar yeganə bir allaha - Günəş allahına sitayiş
edir, göydə sürətlə hərəkət edən Günəş
allahına Yerdə ən sürətli canlıdan - atdan
qurban verirdilər.
İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında
qüdrətli İskit şahlığı yaratmış,
ölkə ərazisində vahid xalqın təşəkkül
prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları
da Azərbaycan torpaqlarını yadelli təcavüzlərində
uğurla müdafiə etmişdilər.
Massaget şahlığı o dövrün ən qüdrətli
imperiyalarından biri olan İran - Əhəməni
imperiyasını ağır məğlubiyyətə uğratmışdı.
Yaxın və Orta Şərqdə geniş işğallar
həyata keçirmiş Əhəməni hökmdarı II Kir
Azərbaycanın cənub torpaqlarını zəbt
etdikdən sonra ölkəmizin şimalını da
ələ keçirməyə cəhd göstərmiş və
bu məqsədlə Massaget hökmdarının dul qadını
Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin
hiyləsini başa düşən, Vətən torpağının
şərəfini və ölkənin müstəqilliyini uca
tutan Tomiris İran hökmdarının təklifini rədd
etmiş, Günəş allahına and içərək döyüşə
atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını
e.ə. 530-cu ildə darmadağın etmişdi.
"Məğluğedilməz" Kirin özü də bu döyüşdə
öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli
dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da
daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına
qədər çox geniş əraziləri ələ keçirmiş
və bütün bu işğallara görə "Böyük Kir"
ləqəbi qazanmış II Kir üzərində bu
qələbə Azərbaycan dövlətçiliyi tarixinin
ən şanlı səhifələrindən biridir.
İskit şahlığı dövründə Azərbaycan
mədəniyyəti ilə Avrasiyanın çox geniş
ərazilərində yayılmış iskit
mədəniyyəti arasında qarşılıqlı
əlaqə üçün də əlverişli şərait
yarandı.
Atropat
Qədim
Azərbaycan mədəniyyəti daha da inkişaf etdi
və zənginləşdi. Arxeoloji qazıntılar zamanı
aşkar olunmuş maddi mədəniyyət nümunələri,
habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget
dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.
Yaxın və Orta Şərqdə çox mürəkkəb
hərbi-siyasi hadisələrin cərəyan
etməsinə, qonşu dövlətlərin təbii
sərvətlərlə çox zəngin olan və
hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət
kəsb edən Azərbaycan torpaqlarını ələ
keçirmək siyasətinə baxmayaraq dövlətçilik
ənənələrimiz davam etməkdə və
zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran
imperiyasının uzunsüoən işğal rejimi, nə
də Makedoniyalı İskəndərin yürüşləri
Azərbaycanın qədim dövlət idarəçiliyi
mədəniyyəti məhv edə bilmədi.
Makedoniyalı İskəndərin ölümündən dərhal
sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin
cənub torpaqlarında Atropatena, şimalında isə
Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın
bütün tarixi torpaqları bu iki yerli dövlətin
tərkibində cəmləşdi.
Atropatena dövləti ölkənin cənub vilayətini
əhatə edirdi. Burada müstəqil Azərbaycan dövlətçiliyinin
dirçəlişi əslində hələ İskəndərin
yürüşündən xeyli əvvəl baş vermişdi. Süquta
uğramış keçmiş Midiya imperiyasının
digər əraziləri ilə birlikdə ayrıca satraplığa
çevrilmiş Azərbaycanın cənub torpaqlarını
Əhəməni satrapı Atropat hələ Əhəmənilərin
hakimiyyəti dövründə müstəqil surətdə
idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman
Midiya-Atropatena, Kiçik Midiya və Atropatın adı ilə
Atropat Midiyası, bəzən də Atropatiya və ya
Atropatena adlanırdı.
Uzaqgörən siyasətçi və məşhur
sərkərdə olan Atropat III Daranın İskəndərə
qarşı çıxardığı Əhəməni qoşunlarının
ön dəstələrinə - əsas zərbə qüvvəsinə
başçılıq edidi. Bu qüvvələr əsasən
Azərbaycanın şimal və cənub torpaqlarından
toplanmış hərbi dəstələrdən ibarət
idi. III Daraya qalib gəldikdən sonra Atropatın
sərkərdəlik istedadına və hərbi-siyasi nüfuzuna
bələd olan İskəndər onunla toqquşmaq
fikrindən daşındı və Azərbaycan hakimi
ilə yaxınlaşmağı daha üstün tutdu.
Beləliklə, Makedoniyalı İskəndərin işğalları
Azərbaycan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı
ilə bu yaxınlaşmanı daha da dərinləşdirərək
onun ən yaxın adamlarından biri ilə qohumluq
əlaqəsi yaratdı və nəhayət, bütün Şərqdə
ilk dəfə olaraq, öz yurdunu - Atropatenanı
yunan-Makedoniya asılılığından azad olmuş
ilk müstəqil dövlətə çevirdi.
Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi
Azərbaycanın cənub rayonlarında iqtisadi və
mədəni həyatın bütün sahələrində böyük
yüksəlişə səbəb oldu. Qüdrətli Atropatena
dövləti bütün regionun beynəlxalq münasibətlərində
mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik
Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri
ilə geniş ticarət əlaqələri saxlayırdı.
Daxili ticarətdə dövlətin öz pulları mühüm rol
oynayırdı.
Şərq və yunan dövlət sistemləri arasındakı
qarşılıqlı əlaqə və təsir
Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə
müsbət təsir göstərirdi. Ölkədə yunan
dilindən geniş istifadə olunması, başqa
sahələrlə yanaşı, hüquq normlarının da
təkmilləşməsinə səbəb olurdu. Dövlət
idarəçiliyi qaydaları daha da təkmilləşirdi.
Azərbaycanın, həmçinin Qədim Şərqin və
Yunanıstanın dövlət idarəçiliyi
ənənələrindən bəhrələnən
Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə
bildilər. Nəticədə Atropatena Parfiya və Selevki
dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini
qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş
Roma qoşunlarını parfiyalılarla birləşərək
darmadağın etdi. O zaman Atropatena qoşunları bütün
regionda ən güclü şərbi qüvvələrdən biri
hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə
Atropatena 40 min piyada və 10 min suvari çıxarmışdı.
Yaxın və Orta Şərqdə çox mühüm
hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma
imperiyası arasında geniş əlaqələr yaranmışdı.
Roma imperiyası özünün şərq siyasətində
Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri
Romaya gedib imperator Oktavian Avqustla (e.ə. 27 - eramızın
14-cü illərri) diplomatik danışıqlar aparmışdılar.
Roma imperatoru Kiçik Asiyadakı qonşu erməni çarlığının
idarə olunmasını da Atropatena hökmadarlarına tapşırmışdı.
Atropatenanın hərbi-siyasi qüdrətindən ehtiyat
edən erməni çarları bu dövlətlə münasibətləri
pozmağa çalışırdılar. Bu məqsədlə
də hələ eməni çarı Tiqran öz qızını
Atropatena hökmdarı Mitridata vermişdi. Sonralar erməni çarlığı
Atropatenadan asılı hala düşmüş və Atropatena hökmdarları
tərəfindən idarə olunmuşdu.
Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin
sərhədləri Dağıstanın cənubu
(Dərbənd və ətrafları ilə birlikdə) da
daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq
cənubda - Araz çayına qədər, qərbdə
isə Göyçə gölü hövzəsi, Qabırrı (İori)
və Qanıx (Alazan) çaylarının yuxarılarından
başlayaraq şərqə doğru - Xəzər
dənizinədək uzanıb gedən Azərbaycan
torpaqlarını əhatə edirdi. Bu qüdrətli
Azərbaycan dövlətinin paytaxtı əvvəllər
Qəbələ, sonra isə Bərdə (V əsrdən
sonra) şəhərləri idi.
Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında
maddi və mənəvi mədəniyyət daha da inkişaf
etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban
əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış,
məktəblər açılmışdı. Ölkədə
mühüm ticarət və sənətkarlıq mərkəzi
olan 30-dan çox şəhər vardı.
Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında
yerləşən və müxtəlif etnosların,
dinlərin, mədəniyyətlərin qarşılaşıb
təmasa girdiyi Albaniyada özünəməxsus və zəngin
mədəniyyət formalaşmaqda idi.
Ölkədə yaşayan və sayları getdiycə atmaqda
olan türk etnosları dövlətin həyatında mühüm rol
oynamışdır. Aya, Göyə, Günəşə,
tək Allaha - Tanrıya sitayişlə yanaşı
xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi
dini cəhətdən birbaşa Romaya tabe idi.
Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi
mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları
ölkənin dünyəvi və dini başçısı
idilər. Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi
qüvvələrinə başçılıq edirdilər. Dövlətin
hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22
min süvari) aşmışdı.
Albaniya hökmadarlarının sarayında məşvərət
şurası fəaliyyət göstərirdi.
Cavanşir
Məşvərət
şurasına və ruhani yığıncaqlarına
Albaniya hökmdarlarının özləri rəhbərlik
edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz
pulları vardı. Öz dövrü üçün möhkəm və
təkmil dövlət idarəçiliyi sisteminə malik olan
Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə
törədən Parfiyaya və Roma imperiyasına qarşı
uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə
edən Roma imperiyasının qoşunları Alban
cəngavərləri tərəfindən
dəfələrlə ağır məğlubiyyətə
uğradılmışdı. Roma imperiyası Albaniyanın
hərbi-siyasi qüdrəti ilə hesablaşmağa
məcbur olmuş, iki ölkə arasında qarşılıqlı
əlaqələr yaranmışdı. Atropatena kimi
Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla
danışıqlar aparmışdılar.
Ölkə başqa dövlətlərlə də geniş
ticarət əlaqələrinə və siyasi münasibətlərə
malik idi.
Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir
ölkəni ələ keçirməyə çalışan Bizans,
Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli
qonşulara qarşı müdrik, uzaqgörən və çevik
xarici siyasət yeritmiş, özünün sərkərdəlik
məharəti və döyüş şücaəti ilə
Vətənin müstəqilliyini qoruyub saxlaya bilmşdi.
Babək
Yaxın
və Orta Şərqdə mühüm hərbi-siyasi və
mədəni təsir gücünə, region ölkələri
ilə sıx qarşılıqlı münasibətlərə
malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri
ilə, o cümlədən Roma imperiyası ilə də geniş
əlaqələr saxlayırdı. İlk
mənbələr, o cümlədən arxeoloji qazıntılar
zamanı aşkar olunmuş zəngin maddi
mədəniyyət nümunələri Albaniya dövründə
Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə
geniş əlaqələr saxladığını sübut
edir. Yaxın və Orta Şərq ölkələrini
Xəzər xaqanlığı və Şərqi Avropa
ilə birləşdirən beynəlxalq yollarının
Albaniyadan keçməsi ölkənin xarici ticarət
əlaqələrinə müsbət təsir göstərirdi.
Eramızın əvvəllərində ölkəmiz öz
tarixinin ən ağır sınaq dövrlərindən biri
ilə qarşılaşdı: III əsrdə
Azərbaycanı Sasani-İran imperiyası, VII
əsrdə isə Ərəb xilafəti işğal
etdi. İşğalçılar ölkəyə İranın
və Ərəbistanın içərilərindən çoxlu
İran və ərəb mənşəli əhali köçürüb
gətirdilər.
Gəlmə əhali mühüm hərbi-strateji
əhəmiyyətə malik olan
məntəqələrdə və ən məhsuldar
torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi.
Yadellilər Azərbaycanın yerli əhalisini əridib
yox etmək siyasəti yeritməyə başladılar.
Lakin, təqribən 600 il davam etmiş İran və
ərəb zülmü Azərbaycanın qədim dövlətçilik
ənənələrini məhv edə bilmədi. Dözülməz
işğal rejimi və təqiblər şəraitində
Azərbaycan xalqının təşəkkülü prosesi
davam etdi.
İşğalçıların yerli əhalini assimilyasiyaya
uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr
ərzində Azərbaycanın bütöv halda həmin
imperiyanın tərkibində olması
nəticəsində, ölkənin bütün bölgələri
arasında daxili əlaqələr, ilk növbədə
ticarət əlaqələri genişləndi.
Azərbaycanın şimal və cənub, şərq
və qərb bölgələri arasında etnik-siyasi və
mədəni birliyin yaranması yolunda mühüm
irəliləyiş baş verdi. İran və ərəb
işğalçılarına qarşı uzun sürən
birgə qaynayıb-qarışmasına müsbət
təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.
Eramızın ilk yüzilliklərində ölkə
əhalisinin əksəriyyətini təşkil edən
və hərbi-siyasi cəhətdən daha mütəşəkkil
və daha qüvvətli olan türk etnosları vahid xalqın
təşəkülü prosesində mühüm rol oynayırdılar.
Türk etnosları içərisində oğuz türkləri üstünlük
təşkil edirdilər.
İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk
məkanının tərkib hissəsi olan Cənubi
Qafqaza, o cümlədən Azərbaycan ərazisinə
qədim türklərin "Dəmir qapı" adlandırdıqları
Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın
başqa dağ aşırımlarından (Azərbaycan
Respublikasının Qax rayonundakı dağ aşırımlarından
birini yerli əhali indi də Hun beli adlandırır - Y.M.)
keçərək yayılmışdılar.Oğuz müqəddəs
Dədə Qorqudun qəbrinin Dərbənddə olması
barədə ilk mənbələrin məlumatı,
Dərbəndin qala qapılarından birinin Dədə
Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası
bayatların) adı ilə "Bayat qapısı"
adlanması bunu sübut edir.
Avrasiyanın geniş ərazilərində məskunlaşmış
qədim türklər, o cümlədən oğuzlar ümumtürk
məkanının şimalı ilə cənuunu, yəni
Qıpçaq düzü ilə Cənubi Qafqazı
əlaqələndirən bu mühüm keçidi - "Dəmir
qapı"nı daim əllərində saxlamağa çalışırdılar.
Başqa ilk mənbələrlə yanaşı, Oğuz
türklərindən olan ağqoyunluların ən qüdrətli
hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu
Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı
"Kitabi-Diyarbəkriyyə" adlanan oğuznamədə
verilən faktlar da oğuz türklərinin, o cümlədən
xalqımızın soykökündə duran ağqoyunlu və
qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə
Cənubi Qafqazın və Ön Asiyanın ən qədim
sakinlərindən biri olduğunu sübut edir. Göstərilən
müəllif Uzun Həsənin böyük babası - Ağqoyunlu
dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini
bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır.
Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin
tərkibinə daxil olan əraziləri sadalayır və
bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın,
yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında
vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın
başçılıq etdiyi dövlətin tərkibinə daxil
olması və böyük xaqanın özünün də burada - Göyçə
dənizi ətrafında vəfat etməsi faktı bu diyarın
ən qədim oğuz-türk məskənlərindən biri
olduğunu sübut edir.
Dədə Qorqud
"Kitabi-Diyabəkriyyə"nin
müəllifi Oğuzun nəvəsi Xanlar xanıBayandır
xaqanında "Qarabağ qışlağı və Göyçə
dənizi yaylaqlarında ömür sürdüyünü", burada "böyük
bir qurultay çağırıb, məmələkəti oğlanları
arasında qabiliyyətlərinə görə bölüşdürdükdən
sonra Allahın dəvətini qəbul etdiyini" yazır.
Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq
edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası
Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri
idi. O, Alagöz və Göyçə dənizi yaylaqları
tərəfdəki sərhədlərdə
"kafirlərlə müharibə etmiş" və döyüşlərdən
birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü
babası Şəktur xan isə Əlincə qalası uğrunda
döyüşlərdə qəhrəmanlıq göstərmiş,
onu "kafirlərin" əlindən geri almışdı.
Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq
xan da Əlincə qalası uğrunda
"kafirlər"lə müharibələr aparmış,
onları məğlubiyyətə uğradaraq qalanı
azad etmişdi.
"Kitabi-Dədə Qorqud" boyları ilə
səsləşən, Məhəmməd peyğəmbərin
dövründə və Xilafət işğalları zamanı
cərəyan etmiş hadisələrlə üst-üstə düşən
bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni
zamanda, Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik
ənənələrini qoruyub çaxladığını
da sübut edir.
Türk tayfaları, başqa xalqlar və etnik qruplardan
fərqli olaraq, Azərbaycanın bütün ərazisinə -
həm şimalına, həm də cənubuna yayılmışdılar
və çoxluq təşkil edirdilər. Buna görə də,
eramızın ilk yüzilliklərindən başlayaraq, türk
dili Azərbaycan ərazisində yaşayan və sayca az
olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət
vasitəsinə çevrilməkdə idi. Türk dili, həm
də şimalla cənub arasında birləşdirici,
əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman
vahid xalqın təşəkkülü prosesində çox mühüm
rolu vardı. Çünki bəhs olunan dövrdə bütün
Azərbaycan ərazisini əhatə edən vahid dini görüş
- təkallahlı din yox idi. Qədim türklərin baş
Allahı olan Tanrıya sitayiş - tanrıçılıq
hələ başqa dini görüşləri sıxışdırıb
tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük,
atəşpərəstlik, Günəşə, Aya, Göyə,
ulduzlara, torpağa, suya və s. sitayiş davam
etməkdə idi. Ölkənin şimalında - Albaniya
ərazisinin bəzi yerlərində, əsasən dağlıq
qərb bölgələrində, xristianlıq yayılmaqda
idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni
və gürcü kilsələrinin kəskin rəqabəti
şəraitində fəaliyyət göstərirdi.
Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı
hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk
etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları
idilər. Hələ vahid təkallahlı Dinin olmadığı
bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənblu,
bütün ölkə ərazisində birləşdirici rol oynayırdı.
Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin
müstəqillik ənənələrinin qorunub saxlanmasında
da aparıcı rol oynayırdılar.
|