Cəmiyyət

«Mən qadın deyiləm... transsam»

«Qadın kimi də ola bilirəm, kişi kimi də»

14.06.2009
Rafiq Məmmədli
Transvestitlər cərrahi əməliyyatla öz cinsini dəyişən adamlara deyirlər. Belələrinə cəmiyyətin münasibəti birmənalıdır. «Üzdəniraqdırlar» – vəssalam. Nə səbəb lazımdır, nə də bir izahat.

Hətta bu müsahibəyə görə belə məni çoxlarının qınayacağını bəri başdan görürəm.

Amma insan marağı ilə etika və mənəviyyat üst-üstə düşsəydi, insanlar hələ də daş dövründə yaşayardı.

Bu müsahibəni hazırlamazdan əvvəl onun dərc olunmasının lehinə və əleyhinə olan arqumentləri tutuşdurdum. Əleyhinə olanlar çox idi. Lehinə isə yalnız bir fikir idi. Onu müsahibim özü mənə bildirdi: «Cinayətkar deyiləm, bomj deyiləm, başqasının pulunu yemirəm, öz əməyimlə dolanıram. Allah da bizi belə yaradıb».

Güclü arqument idi.

Beləliklə özünü internet anonslarında Məltəm kimi təqdim edən azərbaycanlı transvestit.

- Məltəm (sonradan onun əsl adının Emin olduğunu öyrəndim – red.), üzr istəyirəm, sənin cinsin nədir, məsələn pasportunda nə yazılıb?

- Sənədlə kişi gedirəm, amma həm qadın hissiyyatı var məndə, həm də kişi. Döş qoydurmuşam, saçımı uzatmışam, nə görürsənsə özümünküdür.

- Bəs seksual oriyentasiyan?

- Qadın kimi də ola bilirəm, kişi kimi də.

- Anadan belə olubsan?

- Yox, kişi doğulmuşam, ümumiyyətlə biz «transs»lar doğulanda kişi doğuluruq, sonra hər kəsin öz transseksual taleyi olur, yəni hərənin həyatında bir hadisə baş verir ki, ondan sonra o cinsini dəyişdirir.

- Bəs səndə bu necə oldu?

- Uşaq vaxtımdan məndə qan azlığı xəstəliyi var idi. Uzun müddət idi ki, müalicə olunurdum. 18 yaşım olardı, sol ayağımda cinsiyyət üzvünə yaxın yerdə damar partladı (göstərir, sol ayağını, bəzi damarları hələ də şiş idi). Bu hadisədən sonra özümdə dəyişiklik hiss elədim, məndə qadın hissləri baş qaldırdı... Bununla da problemlərim başladı. Valideynlərim məni evdən çölə atdı, çox çətinliklər gördüm. Amma özümü itirmədim, belə şəraitdə ya ölməlisən, ya da ki, axıradək mübarizə aparmalısan... Məhkəmə yolu ilə valideynlərimdən evin bir otağının pulunu aldım, sonradan üstünü düzəldib gördüyün bu mənzili aldım...

- Heç adamlar arasına çıxmırsan, biz başqa bir yerdə nə üçün görüşə bilməzdik ki?

- Bu görkəmdə hara çıxım! Həm də sənə görə, deyəcəkdilər buna bax, yanına «petux» salıb gətirib. Çıxıram, lazım olanda, çox vaxt taksi ilə, salona-zada gedəndə.

- Adamlar səni görəndə nə deyir?

- Nə deyəcəklər, əvvəlki kimi daha şoka düşmürlər. Dedim axı, elə də küçə-bayıra çıxan deyiləm. Bir də ki, cəmiyyətin fikri məni maraqlandırmır. Cinayətkar deyiləm, bomj deyiləm, başqasının pulunu yemirəm, halal əməyimlə dolanıram. Allah da bizi belə yaradıb.

- Bəs polislə problemləriniz olmur?

- Təəccüblü də olsa yox! Mənimlə işləri yoxdur. Homoseksuallar kimi yol qırağında durmuram ki, məni incitsinlər, başqa həlləm-qəlləm işlərlə də məşğul olmuram.

- Bəs münasibət, polislər sizin haqqınızda ümumiyyətlə nə fikirdədirlər?

- Onlar bizə dəyib-dolaşmır, bizə Allahın almışlığı, üzdəniraq kimi baxırlar.

- Başqa transslarla əlaqəniz varmı?

- Əlbəttə var, belə deyim ki, bizim də öz cəmiyyətimiz var, bir-birimizi tanıyırıq, xeyir-şərinə gedib-gəlirik, bir-birimizə hayan oluruq. Amma sizə elə gəlməsin ki biz çoxuq, böyük şəhərdir, sadəcə tez nəzərə çarpırıq.

- Bəs sən intim məsələlərdən başqa bir şey bilirsənmi, məsələn qəzet oxuyursanmı?

- Məni savadsız bildin?! Bakıdövləti (BDU – red.) qurtarmışam, hüquq fakültəsini. Hər şeyi də izləyirəm, hər şeynən də maraqlanıram.

- Məltəm, maraqlıdır, aktiv, passiv və s. intim xidmətlərini qoyaq kənara, nə zamansa səndə həqiqi seksual hisslər oyanırmı?

- Çox ağıllı sual verdin, ona görə də səmimi cavab verəcəyəm. Nə qədər seksual qadın görsəm belə, yox, baxmayaraq mən istəyəndə qadınlarla da ola bilirəm, amma bəzən şıq geyimli, gözəl, cavan oğlan görəndə məndə ona qarşı həqiqi hisslər oyanır, qadın hissi.

- Məltəm, sən bundan sonra həyatını necə qurmaq istəyirsən, nə planların var?

- Mən heç nə fikirləşmirəm. Ancaq işləyib yaşamaq, öz gücümə, heç kimdən asılı olmayaraq yaşamaq, ölənə kimi!

- Gündə tanımadığın çoxlu adamla görüşürsən, bəs qorxmursan?

- Yox nədən qorxum ki, qaradan qeyri rəng var? Allah onsuz da alıb bizdən, daha nə alsın?

- Kosmetik əməliyyat bəs vacib idi?

- Silikon döşləri mən hələ 2003-də qoydurmuşam, Türkiyədə. Ona qədər kişi kimi də gəzirdim, əslində bu əməliyyatla mən özümə sübut elədim ki, daha geriyə yol yoxdur.

- Neçəyədir belə əməliyyatlar – kişilər üçün?

- Nə fərqi var, o vaxt 4 min dollar vermişdim.

Burada o söhbətə son qoydu. Mənimlə söhbətə ayırdığı vaxt bitmişdi.

Siz necə fikirləşirsiniz, Məltəm kimilərə cəmiyyətin münasibəti necə olmalıdır? Hazırda cəmiyyətin seçdiyi - onlara göz yumub mövcudluqlarını sezməmək doğru yoldurmu?

http://www.azadliq.org/content/article/1753799.html

Kontekst

«Orada başıma yüz cür oyun açdılar»

Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir

17.06.2009
Sevinc Hüseynzadə
«Atamla, anam məni qovandan sonra atamın dostuna ilişdim, apardı məni «Mama Rozaya» satdı. O adam da məni Türkiyəyə apardı, orada başıma yüz cür oyun açdılar. Onların əlindən çıxa bilmirdim, zülm, işgəncə verirdilər, səhərə qədər soyuq suyun içində saxlayırdılar. 8 ay onların əlində qaldım, onların əlindən qaçmaqda bir ingilis vətəndaşı kömək oldu».

QIZLAR ÖLKƏLƏRİNƏ GETMƏK İSTƏYƏNDƏ BAŞLARINI KƏSİRDİLƏR

Mənimlə söhbətdə adını dəyişdirməmi xahiş etdiyindən, onu şərti olaraq Xatirə adlandırmağa qərara gəldim. Xatirənin indi 20 yaşı var, 4 il əvvəl isə aldadılaraq insan alveri qurbanına çevrilib. O, bir çox qızın aldadılaraq Türkiyəyə gətirildiyini, onlara rəhbərlik edənin isə azərbaycanlı qadın olduğunu xatırlayır:

«Deyirdilər ki, bu gün səhərdən-axşama kimi bizim 3-4 min dollar pulumuz olmalıdır. Gündə 7-8 nəfərə çıxardırdılar. Məcbur olurduq onlar deyəni edək, etməsək döyülürdük.

Gözümün qabağında baş kəsdilər, neçə qızın qulağını kəsirdilər. Qızlar öz ölkələrinə getmək istəyirdilər, evlərinə yola salıram adı ilə aparırdılar çöllük-biyabana, bir yerdə başlarını kəsirdilər. Səhər-səhər xəbərlərdə görürdük ki, Tatyana, Kristinanın başları kəsilib qalıb bir yanda. Cəsədlərini valideynlərinə göndərirdilər...»

Xatirə kimi hər il Azərbaycandan iş, yaxud ailə qurmaq adıyla yüzlərlə qız xaricə aparılır, insan alverinin qurbanına çevrilir.

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN HESABATI

Ancaq Azərbaycan tək insan alverinin mənbəyi yox, həm də tranziti və daşınma ölkəsidir. Artıq bir neçə ildir ABŞ Dövlət Departamenti insan alverinin vəziyyəti haqda illik hesabatında Azərbaycanın mövqeyini bu cür dəyərləndirir. Departament Azərbaycandan qadın və uşaqların cinsi istismar üçün Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparıldığını, gənclər və kişilərin isə Rusiyaya aparılaraq əmək istismarına məruz qaldığını yazır.

Hesabatda deyilir ki, Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir. Naxçıvan isə artıq Türkiyəyə aparılanlar üçün tranzit nöqtəsinə çevrilib. Və Azərbaycan hökuməti insan alverinin qarşısını almaq üçün cəhdləri etsə də bunun qarşısını ala bilmir. Digər tərəfdən Departament hesab edir ki, hökumət bu cür halların araşdırılması, məhkəməyə cəlb edilməsi və cəzalandırılması üçün kifayət qədər iş görməyib.

HESABATA MÜNASİBƏT

Ancaq hesabata münasibətlər fərqlidir. Məsələn, «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bəzi problemlər olsa da, bütövlükdə bu sahədə Azərbaycanda xeyli işlər görülüb. Bu il həm də 2009-2013-cü illəri əhatə edən İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul olunub. Mehriban Zeynalova hesab edir ki, hesabat obyektiv deyil:

«Biz fərqli bir hesabat gözləyirdik, bu qeyri-obyektiv yanaşmadır. Ötən illər ərzində Azərbaycan həqiqətən ciddi tədbirlər edib, bu cür yanaşma qeyri-obyektiv qiymətləndirilə bilər.

DİN-nin insan alverinə qarşı mübarizə idarəsi isə bildirir ki, hökumət bütün işləri insan hüquq və azadlıqlarını rəhbər tutmaqla həyata keçirir. İdarənin mövqeyi isə belədir ki, hesabat ikili xarakter daşıyır. Nazirliyin insan alverinə qarşı mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev:

«Çox müəyyən edirsən, deyirlər ki, insan alveri artıb, az müəyyən edirsən, deyirlər ki, mübarizə zəifləyib. Bu latent cinayətdir, təbii ki heç bir insan alverçisi, ya qurbanı ölkə ərazisini tərk edərkən demir ki, məni aparırlar – hansısa məqsəd üçün».

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə hesab edir ki, ötən illər ərzində insan alveri ilə mübarizə sahəsində müəyyən irəliləyişlər olub, ancaq Azərbaycan qarşısına qoyduğu vəzifələrin icrasına cəhd etmir:

«Azərbaycanda bu vaxtacan cinayət məsuliyyətinə qadınların cəlb olunması, vəzifəli şəxslərin bu cinayəti himayə etməsinə, uşaq əməyinin istismarına görə məsuliyyətə cəlb edilməməsi, dövlət tərəfindən insan alveri qurbanlarına kompensasiya ödənilməməsi və s. bu sahədə ciddi problemlərin hələ də davam etməsinin göstəricisidir».

Ötən il Azərbaycanda 76, 2007-ci ildə isə 74 insan alveri faktı aşkarlanıb, bütün faktlar məhkəməyə göndərilib.

Azərbaycanda insan alveri qurbanlarına qanunla birdəfəlik yardım kimi 33 manat müavinət nəzərdə tutulur. Rəsmilər yeni milli fəaliyyət proqramında bu vəsaitin mərhələlərlə artırılacağını deyir.

http://www.azadliq.org/content/article/1756597.html

Cəmiyyət

Barlardakı əcnəbi qızlar deportasiya edilib

Azərbaycanda insan alverini stimullaşdıran bir sıra səbəblər var

15.05.2008
Babək Bəkir, Maarif Çingizoğlu

Bakının düz mərkəzindəki «Nizami» kinoteatrının yanında, zirzəmidə yerləşən «Coral» barının adı gecə həyatına bir qədər bələd olan və eyş-işrət məclislərinə meyilli kişilərə çox tanışdır. Bu gecə barına əylənməklə yanaşı həm də yüngül həyat tərzi keçirən qızların xidmətlərindən istifadə etməyə gəlirlər. Ancaq nabələd adamı həmin barın girişində gördükləri bir anlıq çaşdıra bilər. Zirzəmidəki bara düşən pilləkənin önündə polis çavuşu durub. Əslində onu görəndə gərək narahat olmayasan. Çünki o, barın qonaqlarını isti baxışlarla aşağı ötürür. Barın girişində isə bir neçə xanım oturub. Onlar isə giriş haqqı toplayırlar. Giriş haqqı adama 2 manatdır, bu pulu ödəyib səs-küylü, siqaret tüstüsündən qatı duman yaranmış yeni bir auraya düşürsən.


Barda qızlarla tanışlıq üçün elə də fərasət tələb olunmur. Yer tapıb əyləşən kimi kişi qonaqları müştəri bilən qızlar özləri gəlib tanış olurlar. Musiqi səsindən isə ağız deyəni qulaq eşitmir. Barda tanışlığın lap başlanğıcından nəsə sifariş vermək sizə çox baha başa gələ bilər. «Coral»da iki kokteyl və bir pivə üçün 50 manat pul ödəməli oldum. Pul sizin üçün problem deyilsə, bu xəbərdarlığı qulaq ardına da vura bilərsiniz. Adının Bahar, yaşının 27 olduğunu deyən qadın deyirdi ki, 60 manatım olsa, bir saat ərzində mənə gecənin ən xoş anlarını yaşada bilər. Ancaq onun bir sıra şərtləri də var idi. Onunla yalnız şəhərdə «Neftçilər» xəstəxanası ilə üzbəüz olan saunaya getməli idik. Taksi isə mütləq barın özünə məxsus olmalıydı. 20 manat taksiyə, 30 manat da saunaya verəcəkdik. Baharın deməsinə görə, əslində bu, onun yox, «Coral»ın şərtləridir.


Tanış olduğumuz digər xanım Əsmər isə deyir ki, Dağıstandan - Mahaçkaladan gəlib. Ancaq deyəsən, onun özü üçün də indi haradan gəlməsi elə bir önəm daşımırdı. «Nə dəxli var, istəyirsən səninlə gedim, vəssalam». O, ilkin tanışlıqdan sonra elə belə də dedi.


Adının Bahar, yaşının 27 olduğunu deyən qadın deyirdi ki, 60 manatım olsa, bir saat ərzində mənə gecənin ən xoş anlarını yaşada bilər. Ancaq onun bir sıra şərtləri də var idi
Əsmərin deməsinə görə, bu bar əsasən fəaliyyətə gecə saat 10-dan sonra başlayır. Saat 12-dən sonra isə burda necə deyərlər, iynə atsan yerə düşmür. Səhər saat 5-ə qədər bar işləyir. Əsmər deyir ki, yaxın aylara qədər Ukraynadan, Qırğızıstandan və Orta Asiya respublikalarından bura bir çox qızlar gəlib müştərilərin qulluğunda dayanıblar. Sonra əcnəbi qızların çoxu Azərbaycandan deportasiya edilib. İndi «Coral»da əsasən yerli qızların xidmətləri təklif edilir. Onun şərtləri isə Baharın şərtlərindən xeyli yüngül idi. Əsmərin sözlərinə görə, yaxınlıqda hüquq-mühafizə orqanlarından birinin inzibati binasının həyətindəki saunaya da piyada getməyə hazırdır.

 


«Coral»a gələn müştərilərin də tərkibi müxtəlif idi. Qonaqlar əsasən ingilis dilli əcnəbilər idi. Ancaq yerli müştərilər də gözə dəyirdi. Gecə saat 12-yə yaxın isə içəriyə 5-10 yerli adam daxil oldu. Paltarlarının tozlu olmasından onların tikintidə çalışdığını ilk andan görmək mümkün idi. Danışıqlarından belə başa düşmək olurdu ki, ayrı-ayrı əyalətlərdən gələn bu insanlar yenicə maaşlarını alıblar. Bardakı qızların çoxu isə daha çox əcnəbilərlə ilgilənir, onların qarşısında müxtəlif göbək rəqsləri ifa edirdilər. Biz bankomatdan pul çıxarmaq adı ilə Bahar və Əsmərdən ayrılıb barı tərk etdik.


Əslində, «Coral» Bakıdakı gecə barlarından yalnız biridir. Bakının gecə həyatına tanış bir həmsöhbətim isə deyir ki, şəhərin təkcə mərkəzi hissəsində yüzlərlə belə bar var. Onun deməsinə görə, Nizami küçəsindəki bir barda isə qiymətlər daha yüksəkdir. Həmin bara isə əsasən əcnəbilər gəlir. O, barlarda polis geyimli şəxslərin də olmasını təsadüf saymır. Həmsöhbətimin deməsinə görə, əgər biz iki kokteyl və bir pivəyə görə, 50 manat vermək istəməsəydik, həmin mühafizəçinin xidmətlərindən istifadə ediləcəkdi. O, başqa gecə barlarından da danışır. Həmsöhbətimin deməsinə görə, bəzi gecə restoranlarında hətta uşaqbazlığa da yol verilir.


«Femida - 007» qəzetinin baş redaktoru Əyyub Kərimov da deyir ki, əgər belə gecə barları yuxarılardan himayə edilməsə, onlar açıq fəaliyyət göstərə bilməzlər. Kərimovun sözlərinə görə, Azərbaycanda həm fahişəliyi, həm də bütünlükdə insan alverini stimullaşdıran bir sıra səbəblər var. Bu səbəblərdən biri ona yuxarılardan yaşıl işıq yandırmaqdırsa, başqa bir səbəb də işsizlikdir. Əyyub Kərimovun sözlərinə görə, nəticədə bu səbəblər toplusundan işbazlar məharətlə istifadə edirlər: «Sovetlər dönəmində fabriklər, kombinatlar var idi. Orada yüz minlərlə qız-gəlin çalışırdı. Əgər bu qızlar elə fabriklərdə çalışıb 500-600 manat qazansalar, heç bu hallara düşərlərmi?»


Hüquq-mühafizə orqanları isə insan alverinin yuxarıdan himayə edildiyi haqda iddiaları təkzib edirlər. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev deyir ki, insan alverçiləri öz qurbanlarını təzyiqdə saxlamaq üçün belə iddiaları uydururlar: «Nə prokurorluq, nə də daxili işlər orqanları insan alverçilərini himayə etmirlər. Bizim vəzifəmiz cinayətkarlığa qarşı mübarizə aparmaqdır və aparırıq da».

http://www.azadliq.org/content/article/447775.html