25.11.2007

Cavad Derəxtinin DAK-da fəaliyyətinə son qoyuldu ƏJDƏR TAĞIZADƏ: "ONU KÜÇƏDƏN TUTARAQ KONQRESƏ GƏTİRMİŞİK"

Cavad Derəxtinin DAK-da fəaliyyətinə son qoyuldu
ƏJDƏR TAĞIZADƏ: "ONU KÜÇƏDƏN TUTARAQ KONQRESƏ GƏTİRMİŞİK"

Dünya Azərbaycanlıları Konqresi (DAK) dünən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib. DAK İdarə Heyətinin üzvü, professor Vaqif Sultanlı təşkilatdaxili məsələlər barədə son zamanlar yayılmış fikirlərə toxunaraq sonuncu qurultayın nəticəsi olaraq Qulamrza Səbri Təbrizinin sədr seçildiyini və fəaliyyətini uğurla davam etdirdiyini deyib. Onun sözlərinə görə, DAK barəsində son zamanlar yayılmış fikirlərin heç bir əsası yoxdur. V.Sultanlı DAK-ın dünya azərbaycanlılarının ən böyük diaspor təşkilatı olduğunu qeyd edərək onun parçalanacağı barədə yayılmış fikirlərin absurd olduğunu vurğulayıb: "Qulamrza Təbrizi barəsində deyilənlərin heç bir əsası yoxdur. O, işinin öhdəsindən lazımi səviyyədə gəlir. Qulamrza bəy sədr seçildikdən sonra konqres yeni ofisə köçüb, gənclər təşkilatı yaranıb, saytımız işə düşüb və s. proseslər həyata keçirilib. Fikrimcə, Qulamrza Təbrizinin işi bacarmaması barədə söylənilən fikirlərin əsası yoxdur. Hazırda bu təşkilat dünyada yaşayan azərbaycanlıların ən böyük diaspor qurumudur. Daxildə bir sıra problemlərin olması normal haldır. Lakin bütün bunlar fəaliyyətimizə heç bir mənfi təsir göstərə bilməz". DAK-ın keçmiş sədri Cavad Derəxtinin təşkilatı parçalamaq üçün atdığı addımların uğursuzluqla sonuclanacağını deyən V.Sultanlı onun bu cəhdlərini konqresin birləşməsinə mane olmaq kimi qiymətləndirib. O, bütün bu əks-cəhdlərə baxmayaraq, Demokratik DAK-la DAK-ın birləşməkdə qərarlı olduğunu söyləyib: "Cavad Derəxti konqresi parçalamaq üçün fevral ayında qurultay keçirəcəklərini bildirir. Fikrimcə, bütün bunlar Qulamrza Təbrizinin təşkilatın birlik çərçivəsində fəaliyyət göstərməsini bəyan etməsinə mane olmaq məqsədilə ortaya atılıb. Amma buna baxmayaraq, fərqli adlarla fəaliyyət göstərən konqresin birləşməsi labüddür. Azərbaycan cəmiyyəti də təşkilatın birgə fəaliyyətini istəyir". DAK sədri Qulamrza Təbrizi sədrlik üçün keçirilən seçkilərdə ədalətli qələbə qazandığını deyərək birlik və müstəqillik çərçivəsində fəaliyyət göstərəcəyini bəyan edib. Bəzi qüvvələrin bu mövqeyə gözucu yanaşdığını söyləyən DAK rəhbəri keçmiş sədrin qeyri-qanuni fəaliyyət göstərdiyini vurğulayıb. O, DAK-ın indiyədək lazımi səviyyədə fəaliyyət göstərə bilməməsinin səbəbini C.Derəxtidə görür: "Cavad Derəxti məni işi bacarmamaqda günahlandırır. Məhz elə indiyədək onun düzgün fəaliyyət göstərməməsinin nəticəsi olaraq təşkilat parçalanıb. Amma bu cəhdlərə baxmayaraq biz konqresin birliyinə nail olacağıq. Çünki parçalanmış formada fəaliyyət göstərmək sözün həqiqi mənasında utanc verir. Hesab edirəm ki, biz bu diaspor təşkilatımızı göz bəbəyi kimi qorumalıyıq. İmkan verməməliyik ki, konqresdaxili məsələlər Azərbaycan dövlətinin nüfuzuna zərbə vursun. Bu işdə jurnalistlərin, eləcə də hər kəsin yardımına ehtiyacımız var. Sədrliyə elə də böyük ehtiyacım yoxdur, məqsədim sadəcə birliyə nail olmaq və uğurla fəaliyyət göstərməkdir". DAK İdarə Heyətinin üzvü, professor Paşa Qəlbinur təşkilat daxili məsələlərin mediada daha da şişirdildiyini söyləyib. Onun qənaətincə, əks reaksiyalara baxmayaraq, iki adda fəaliyyət göstərən DAK-ın birlik qurultayı keçiriləcək. C.Derəxtinin sədrlikdən uzaqlaşmağı həzm edə bilmədiyini deyən DAK İdarə Heyətinin üzvü Əjdər Tağızadə onun son addımlarını başa düşmədiyini qeyd edib. C.Derəxtinin DAK sədrliyinə qədər yüksəlməsində böyük əməyinin olduğunu dilə gətirən Ə.Tağızadə bunları söyləyib: "Biz Cavad Derəxtini küçədən tutaraq konqresə gətirmişdik. Onun sədr vəzifəsinə yüksəlməsində böyük əməyimiz olub. İndi isə o, yalan məlumat yayaraq təşkilatı parçalamağa çalışır. Bu məlumatların heç bir əsası yoxdur. O, İsveç hökumətinin konqresi ləğv edəcəyini söyləyir. Müstəqil qurum olduğumuz üçün fəaliyyətimizi heç bir qüvvə dayandıra bilməz. Təşkilatın fəaliyyətini Cavad Derəxti iflic vəziyyətinə salıb. O, təşkilatın fəaliyyəti üçün aldığı külli miqdarda vəsaiti mənimsəyib". GünAZ telekanalının rəhbəri Əhməd Obalı iki adda fəaliyyət göstərən DAK-ın birləşməsinin vacib amil olduğunu bildirərək hər iki tərəfin prinsiplər üzərində bir araya gəlməsinin məqbul olduğunu deyib. Şəxsi ambisiyaların təşkilat daxilinə gətirilməsinin zərərli olduğunu söyləyən Ə.Obalı konkret iş görməyin zamanı olduğunu vurğulayıb. Xatırladaq ki, DAK İdarə Heyəti dünən C.Derəxtinin fəaliyyətini dondurmaqla bağlı bəyanat yayıb.

http://www.525ci.com/new/2007/11/24/get=51

http://www.ddak.biz/ArticleViewer.aspx?ArticleId=436