«Son variant olaraq İrana qarşı ən
sərt sanksiyaların tətbiq ediləcəyinə inanıram»
- iranlı politoloq
Azərbaycan, Bakı /
«Trend müxbir D.Xatınoğlu/ Rəsmi Tehranın nüvə
məsələsi ilə bağlı siyasətini dəyişməməsi,
İrana qarşı daha sərt sanksiyaların tətbiq olunması
ilə nəticələnəcək. “Son variant olaraq İrana
qarşı ən sərt sanksiyaların qoyulacağına inanıram”
- Türkiyədə fəaliyyət göstərən iranlı
politoloq Arif Kəskin bildirib. Dekabrın 1-də BMT-nin rəhbərlər
səviyyəsində keçirilən iclasında 5+1 ölkələri
İrana qarşı 3-cü qətnamənin ilkin variantını
hazırlamaq qərarına gəliblər. BMT Təhlükəsizlik
Şurası indiyədək İrana qarşı iki
qətnamə (1737-ci və 1747-ci) tətbiq edib. Kəskin bazar ertəsi Ankaradan telefonla «Trend»ə bildirib
ki, Qərbdə İrana qarşı tətbiq ediləcək
yeni sanksiyaların daha da sərt olacağı qaçılmazdır.
«İran beynəlxalq ictimaiyyətin tələblərinə
baxmayaraq, nüvə planını davam etdirir. İranın uranı
zənginləşdirməsi onun müttəfiqləri hesab olunan
Çin və Rusiyanın da marağında deyil. ABŞ, Fransa,
Britaniya və dolayısıyla Almaniya İrana qarşı
enerji və maliyyə sanksiyalarının gücləndirilməsini
istəyir. Bu növ sanksiyalar İranın sosial və iqtisadi
şəraitində böhran yaradacaq qədər güclu olsa da,
rəsmi Tehranın nüvə məsələsi ilə bağlı
siyasətini dəyişdirməyəcək» - deyə
Kəskin bildirb. İranın İRNA agentliyinin dekabrın 1-də yaydığı
məlumata əsasən, İran prezidenti Mahmud Əhmədinejad
bildirib ki, İran əleyhinə yeni sanksiyaların tətbiqi mümkünsüzdür
və ehtimal olunmur. XİN sözçüsü Məhəmmədəli Hüseyni
bildirib ki, İran əleyhinə yeni sanksiyalar bu ölkənin nüvə
planını əngəlləyə bilməz. Həmçinin,
xarici işlər naziri Mənuçehr Müttəki isə bildirib ki,
yeni sanksiyalar qəbul olunarsa, BMT-nin bəzi qüvvələrlə
bağlı olmasına dair şübhə yaranacaq. İranın “Farsnews” agentliyinin məlumatına
əsasən, ölkənin sabiq viste-prezidenti Möhsün Əminzadə
İran prezidentinin populist çıxışlarını və
qeyri-diplomatik davranışlarını pisləyərək,
ölkənin beynəlxalq aləmdən təcrid olmasını
və dünya səviyyəsində nüfuzuna xələl
gətirilməsini birbaşa Əhmədinejadın yanlış
siyasəti ilə bağlayır. «Əhmədinejadın İranın
nüvə planının inkişafında 10% payı yoxdur. Halbu
ki, ondan qabaqkı prezidentlər dövründə bu planın 90%-i
inkişaf etdirilmişdi və heç bu qədər dünyanın
etirazına səbəb olmamışdı» - deyə Əminzadə
bildirib.
http://news.trend.az/index.shtml?show=news&newsid=1087087&lang=AZ
www.turkiran.com