Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban
bayramı münasibətilə təbrik edib. Bu barədə
Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan xalqına ünvanlanan müraciətdə prezident
bildirib ki, Qurban mərasimi Uca Yaradana məhəbbət və
itaət, yüksək əxlaqi-mənəvi
dəyərlərə hörmət, hər bir bəşər
övladına mərhəmət və dözümlülük təlqin
edən islamın bir din kimi tamamlanıb insanlar üçün
hidayət yolu seçilməsi ilə əlamətdardır.
"Bu mübarək bayram bütün dünya müsəlmanlarının
mənəvi-ruhi birliyini, əməlisaleh inanclı insanların
Tanrı sevgisini və haqq-ədalət naminə hər cür
fədakarlığa hazır olmağın fərəhini
təcəssüm etdirir". Prezident öz tarixi köklərinə,
milli-mənəvi dəyərlərinə sadiq olan xalqımızın
hər il Qurban bayramını böyük təntənə ilə
qeyd etdiyin vurğulayıb. "Ölkəmizin hər yerində
Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik
işləri görülür, dövlətimizin əmin-amanlığı
və rifahı naminə dualar edilir. Bu əziz gündə bayram
diləklərinizə qoşularaq, Azərbaycanın milli müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərimizin ölməz xatirəsini böyük
ehtiramla yad edir, onların ailələrinə səbir
diləyirəm. Müstəqil Azərbaycan Respublikası artıq
özünün hərtərəfli inkişaf
mərhələsinə qədəm qoymuşdur. Xalqımızın
milli-mədəni yüksəlişi, dövlətimizin davamlı
siyasi-iqtisadi tərəqqisi ümummilli liderimiz, dövlət müstəqilliyimizin
memarı Heydər Əliyev tərəfindən müəyyən
edilmiş inkişaf strategiyasının başlıca
məqsədlərindəndir. Biz daim bu kursa sadiq qalacaq,
cəmiyyətimizdə hökm sürən ictimai-siyasi sabitliyi,
milli-mənəvi həmrəyliyi daha da möhkəmləndirməklə
Azərbaycanın gələcək uğurlarını
təmin edəcəyik". Qurban bayramının xeyirxahlıq,
şəfqət və mərhəmət bayramı olduğunu
xatırladan prezident Azərbaycan xalqına dünyanın müxtəlif
guşələrində yaşayan soydaşlarımıza
bayram təbriklərini çatdırıb, onların Qurban bayramını
təbrik edib.
Adalet 30 12 2006