| 16.05.2009 |
Temuçinin
mərdliyi (2)
Bundan sonra Temuçin çaş-baş içində
qalan silahdaşlarına: Mən mərd adamı
həmişə bağışlamışam. Mərd
adam heç vaxt ətrafındakılara və ya xidmət
etdiyi ağasına xəyanət etməz
Merkutların əsir alınan sərkərdəsi Cebe dəhşətli bir cəza ilə öldürüləcəyini düşünürdü. Bununla belə o, ölməzdən əvvəl Temuçini - Çüngiz xanı görmək istəyirdi. Çünki o, sərkərdə idi və əsl sərkərdəyə layiq bir cəza istəyirdi. Onun israrla Temuçinlə görüşmək istədiyini görəndə bu barədə artıq şöhrətin zirvəsinə ucalan (Temuçinə) xəbər verdilər. Temuçin atdığı oxla az qala onu o dünyaya göndərəcək Cebenin onu görmək istədiyini eşidəndə dərhal: Mane olmayın, qoyun yanıma gəlsin. Özü də heç kimin onunla işi olmasın. İstədiyiniz qədər də onunla səmimi davranın, - dedi. Bu isə Temuçinin düşmənindən intiqam alacağını düşünən silahdaşlarını heyrətə saldı. Temuçinin hüzuruna gətirilən Cebe onun düz gözlərinin içinə baxdı və cəsarətlə döyüşdə onu öldürmək üçün ox atdığını söylədi: Ən böyük arzum səni öldürmək olub, - dedi və susdu. Temuçin ölümündən qorxmayaraq həqiqəti söyləyən və cəsurluğu ilə bir orduya bərabər olan Cebeni başdan ayağa süzdü. Sonra isə Cebedən soruşdu: Yenə də hüzuruma məni öldürmək üçünmü gəldin? Cebe isə artıq həyatının öz əlində olmadığını və bundan sonra sağ qalıb qalmaması məsələsini Temuçinin həll etdiyini söyləyərək: Mən ən ağır cəzaya layiqəm və bunu da yaxşı bilirəm. Amma mənim haqqımda edam hökmü verəcəyin halda istəyirəm ki, sərkərdəyə layiq bir cəza ilə o dünyaya göndərilməyimi əmr edəsən. Ona görə də əmr sənindir, istəyirsən mənim haqqımda ölüm hökmü çıxar, istəyirsənsə də bağılşa və özünə dost et, - dedi. Temuçin Cebenin mahir bir döyüşçü və eyni zamanda yaxşı bir sərkərdə olduğunu bilirdi. Cebenin ölümdən qorxmayaraq mərdliklə yanına gələrək günahını etiraf etməsi onda güclü təsir buraxdı. O: Cebe, sən mərd adam olduğunu və ölümdən qorxmadığını bir daha sübuta yetirdin. Mən bunu yüksək qiymətləndirirəm və səni qoşunlarımdan birinə başçı təyin edirəm, - dedi. Cebe bunu eşidəndə yerində donub qaldı və bir müddət tərpənə bilmədi. O, Temuçinin hüzuruna qoşun başçısı olmaq barədə təyinat almağa deyil, əsl sərkərdələrə layiq bir cəza verilməsi üçün xahişə gəlmişdi. Ona görə də Temuçinin hüzuruna gəlməzdən əvvəl yaxınlarının hamısı ilə vidalaşmışdı. Bir müddət donub qaldıqdan sonra Cebe özünü ələ alaraq Temuçinə baş əyərək çıxdı. Bundan sonra Temuçin çaş-baş içində qalan silahdaşlarına: Mən mərd adamı həmişə bağışlamışam. Mərd adam heç vaxt ətrafındakılara və ya xidmət etdiyi ağasına xəyanət etməz. Görəcəksiniz, Cebe bizim ən güclü və sadiq sərkərdəmiz olacaq. Mən onu günbatandan gündoğana qədər olan əraziləri zəbt etməyə göndərəcəyəm, - dedi. Həqiqətən də Cebenin komandanlığı altında olan monqol-tatarlar əfsanəvi general Sabutay bahadırla birgə Xarəzmdən İrana, İraqa, Azərbaycana, buradan da o vaxt qıpçaqların (indiki qazaxların əcdadlarının) ana vətəni olan indiki Rusiyanın cənubundakı Volqa və Don çayları, Stavropol, Krım və Kubana yürüş etdilər. Kalka çayı ətrafında baş verən döyüşdə onlar rus və qıpçaq silahlı qüvvələrini darmadağın etdilər. Cebe yeni ərazilərin ələ keçirilməsində və böyük bir imperiya yaradılmasında fəal iştirak etdi. Temuçin yaxşılığı unutmurdu Cebeni bağışlamaqla Temuçin, böyük sərkərdələr Metenin, Atillanın və Alparslanın bir vaxtlar əsir aldıqları düşmənini bağışladığı kimi hərəkət edərək, özünü onların layiqli varisi olduğunu sübuta yetirmiş oldu. Ümumiyyətlə, Temuçin ona sadiq insanları həmişə yüksək qiymətləndirirdi. Belə ki, döyüşlərdən birində Temuçinin əsas qüvvələri düşmənin mühasirəsinə düşür. Onları mühasirədə labüd ölüm gözləyirdi. Vəziyyətin ağır olduğunu görən Xadax adlı cəsur bir döyüşçü qoşun başçısına müraciət edərək onları mühasirədən xilas etmək üçün məsuliyyəti öz üzərinə götürdüyünü bildirir. Xadax kiçik bir dəstə ilə düşmənin qabağını gözlənilməz yerdə kəsərək onlara zərbələr endirir. Çaş-baş olan və monqolların əsas qüvvələri ilə üzləşdiyini düşünən düşmən dərhal bütün əsgərlərini Xadax bahadırın dəstəsi üzərinə yeridir. Bundan istifadə edən monqolların əsas qüvvələri mühasirədən xilas ola bilirlər. Xadax bahadır isə döyüşdə yoldaşlarının hamısını itirir, lakin o, qaç-qovda düşmənlərindən aralanaraq gizlənə bilir. Gündüzlər ələ keçməsin deyə gizlənən, gecələr isə çöllərdə bir müddət ac-susuz hərəkət edən Xadax bahadır öz ordusuna qayıdır. Xadax bahadırın bu qəhrəmanlığını eşidən Temuçin onu yanına çağıraraq ən inanılmış adamı kimi hörmət bəsləməyə başlayır. Amma Temuçin xainləri heç sevmirdi. Bir dəfə vaxtilə ən yaxın dostlarından biri olan, ancaq sonralar onun barışmaz düşməninə çevrilən Camu xan yaxın adamlarının xəyanətinin qurbanına çevrilir. Temuçinə yarınmaq istəyən Camu xanın yaxın adamları hiylə ilə onun əl-qolunu bağlayıb böyük sərkərdəyə təslim edirlər. Bunu görən Temuçin dərhal əmr edir ki, Camu xanı tutub gətirənləri edam etsinlər. Ətrafındakıların bundan heyrətə gəldiyini görən Temuçin: Öz sərkərdəsinə etibar etməyən və onu satan adamlara inanmaq olmaz. Onlar bu gün Camu xanı satıblar, sabah da yeni ağalarını, yəni bizləri satacaqlar. Belə xainlər və satqınların yer üzündə yaşamağa haqqı yoxdur, - deyir. Amma o, bir vaxtlar ona xəyanət edən Camı xanı da bağışlamadı. Temuçin ona uşaqlıqda belə az da olsa hörmət edən tay-tuşlarının yaxşılığından çıxmağa çalışırdı. Ucsuz-bucaqsız səhralara səpələnən monqolları bir bayraq altında birləşdirmək üçün mübarizə apardığı ilk vaxtlarda Temuçin düşmənlərindən birinin qurduğu tələyə düşür. Onun bu tələdən qurtarması cox çətin idi. Düşmənlər Temuçini addım-addım izləyirdilər və onu hər an ələkeçirilmə təhlükəsi gözləyirdi. Bu vaxt gözlənilmədən ilxı otaran iki uşaqlıq yoldaşı onun dadına çatdı. Onlar Temuçini atın qarnına bağlayaraq onu düşməndən gizlədə bildilər və ölümdən xilas etdilər. Uşaqlıq dostlarının çox çətin məqamda onun köməyinə gəlmələri Temuçini çox kövrəltdi. Sonra o, həyatını xilas edən bu insanlara xüsusi imtiyazlar verdi. Qohumbazlığa nifrət edirdi Temuçində əsl türkə xas olan digər xüsusiyyətlər də vardı. O, qohumbazlığa nifrət edir və bundan istifadə edənləri ağır cəzalandırırdı. Belə ki, günlərin birində Temuçinin bacısı oğlu dayısının dövlət başçısı olmasından istifadə edərək monqollardan biri ilə olduqca kobud rəftar etmiş və onu bərk incitmişdi. Bu xəbər Temuçinə çatanda o, dərhal əmr edir ki, bacısı oğlunu cəzalandırsınlar. Temuçinin göstərişi ilə bacısı oğluna 100 şallaq vurulur və onun var-dövləti təhqir edilən sadə monqola verilir. Temuçin ən yaxın adamlarından olan əmisi oğlu Belqutayı da ağır cəzalandırmışdı. Belə ki, ordu tatarlar üzərinə yürüşə hazırlaşırdı və bununla bağlı sərkərdələrlə birgə xüsusi müşavirə keçirmişdi. Həmin müşavirədə iştirak edən Belqutay bu barədə döyüşçü yoldaşlarına məlumat verdi. Bu isə dərhal hamıya yayıldı. Xəbərin Belqutyadan sızdığını eşidən Temuçin onu yanına çağıraraq ən ağır sözlərlə təhqir etdi. Sonra isə ona bir də gizli müşavirələrdə iştirak etməyi qadağan etdi. Haqq və ədaləti sevirdi Temuçinin dövləti maraqları şəxsi maraqlarından üstün tutması isə səhralarda əsrlər boyu haqq və ədalətin tapdandığı bir şəraitdə yaşayan və bir növ buna adət edən monqollarda böyük təsir buraxmışdı. Temuçinin dövləti maraqların həyata keçirilməsi üçün ən yaxın qohumlarına belə rəhm etməməsi və onlarla ancaq qanunun tələb etdiyi dildə danışması sadə monqollara da, dövlətin idarə olunmasında önəmli vəzifələr tutan saray əyanlarına da böyük psixoloji təsir göstərirdi. Onlar Temuçinin simasında haqqın, ədalətin müdafiəçisini görür, onu ürəkdən sevməyə başlayırdılar. Digər tərəfdən də Temuçin daim düşmənlər tərəfindən qəfil hücumlar, öldürülmək və ya əsir götürülmək təhlükəsi altında yaşayan monqollara əmin-amanlıq gətirmiş, onları əzilən, döyülən millətdən, əzən və döyən millətə çevirmişdi. Onun hakimiyyətə gəlməsindən sonra monqollar arasında kasıb qalmamışdı. Monqolların hamısı Temuçin haqqında: O, bizimlə ağamız və hökmdarımız kimi deyil, əsl öz övladları kimi rəftar edir, bizə atalıq edir. O, özünü deyil, yalnız biz monqolları düşünür və hər nə etsə bizlər üçün edir. Onu bizim sevməməyimiz, yolunda ölümə getməməyimiz mümkün deyil. O, Allahın monqollara göndərdiyi xilaskardır, o, səhralarda monqolların başı üzərində doğan Günəşdir, - deyirdilər. Bütün bunların da nəticəsi idi ki, Temuçinin hər əmri olduqca dəqiqliklə və mövcud qanunlara uyğun şəkildə yerinə yetirilirdi. Amma istər sarayda, istərsə də sadə əhali arasında onun hakimiyyətinin qanuniliyini şübhə altına alacaq şəxslərin ortaya çıxacağından ehtiyat edirdilər. Ona görə də həm sıravi monqolllar, həm də saray əyanları Temuçinin qanunauyğun şəkildə təntənəli bir mərasimlə imperator elan edilməsini istəyir və bunu tez-tez bu böyük sərkərdəyə bildirirdilər. Temuçinə müraciət edən əyanlar artıq vaxtın gəlib çatdığına, ona tacqoyma mərasiminin keçirilməsinin monqol dövlətçiliyinin möhkəmləndirilməsi üçün olduqca vacib əhəmiyyət daşıdığına inandırmağa çalışırdılar. |
http://www.zaman.az/site/shownews.php?news_id=20144